Azərbaycanla Gürcüstan arasında yerləşən "Sadıxlı" gömrük postunda beynəlxalq standartlara uyğun yeni gömrük postunun tikintisinə tezliklə başlanılacaq.
"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi inzibati binanın tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə gömrük postunun tikintisinə başlanılacaq.
A.Abasov qeyd edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək.