Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin noyabrın 1-nə 17 841,5 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 850,1 mln. manat və ya 19,01% çoxdur.
Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 383,8 mln. manat və ya ümumi həcminin 41,4%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 497,1 mln. manat və ya 25,43% artıb.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,8%-lik payla “İnşaat və əmlak” və 14,2%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabrın 1-nə 943,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 160,2 mln. manat və ya 20,45% çoxdur.
Son bir ayda isə vaxtı keçmiş kreditlərin cəmi 29,8 mln. manat azalıb.
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,29% təşkil edir.