Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin fevralın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 15 135 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 2 451,7 min manat və ya 19,33% çoxdur.
Bununla yanaşı, dekabr ilə müqayisədə yanvarda depozitlərin həcmi 318,7 mln. manat və ya 2,06% azalıb.
Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 7 mlrd. 330 mln. manatla, 7 mlrd. 805 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 48,4%-i manatla, 51,6%-i isə xarici valyutada yatırılıb.
2014-cü ilin yanvar-dekabr aylarında banklar 7 mlrd. 743,5 mln. manatla, 7 mlrd. 709,8 mln. isə xarici valyuta ilə depozit qəbul edib. Başqa sözlə, depozitlərin 50,1%-i manatla, 49,9%-i isə xarici valyutada yatırılıb.
Bu ilin yanvar ayı ilə 2014-cü ilin dekabr ayını müqayisə edəndə məlum olur ki, manatla yerləşdirilən depozitlərin həcmi 1,7% azalıb.
Manatla olan əmanətlər azalıb, xarici valyutada isə artıb
Hesabat dövründə əhalinin əmanətləri 7 121,3 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 669,9 mln. manat və ya 10,38% çoxdur. Bu dövrdə əhalinin banklardakı əmanətləri 4 276,3 mln. manatla, 2 845 mln. isə xarici valyutada yerləşdirilib. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 346,5 mln. manat artıb. Amma 2014-cü ilin dekabrına nisbətən bu ilin yanvar ayında milli valyutada olan əmanətlərin həcmi 146,1 mln. manat azalıb. Xarici valyutada olan əmanətlərdə isə 79 milyonluq artım var. Milli valyutada olan əmanətlərin azalması hesabına yanvarda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 60,05%-ə düşüb. Halbuki, dekabr ayında bu göstərici 61,5% olub. Yəni, ötən ilin dekabr ayında banklar əhalidən 4 422,4 mln. manatla, 2 766 mln. manat isə xarici valyuta ilə əmanət qəbul edib.
Ümumiyyətlə, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 67,1 mln. manatlıq azalma qeydə alınıb. Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, ötən ilin dekabrdan başlayaraq əhalinin manatla yatırdığı əmanətlərin həcmi də azalmağa başlayıb. Yəni, noyabrla müqayisədə dekabrda milli valyuta ilə əmanətlərin həcmi 59,7 mln. manat, dekabra nisbətən bu ilin yanvarında isə 146,1 mln. manat azalıb. Dekabrla müqayisədə yanvarda manatla yatırılan əmanətlərin həcminin 2,4 dəfə azalması məhz manatın 33,5%-lik devalvasiyası ilə izah olunmalıdır. Çünki, manatın dəyərdən düşmə ehtimalından ehtiyatlanan əhali əmanətlərini manatla yatırmaqdan çəkinib.