Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin noyabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 82 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,09% və ya 4,4 mln. manat azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, sentyabr ayından fərqli olaraq oktyabr ayında dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.
Bu ilin yanvar-oktyabr aylarında AİF 109,7 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Artıq 4 aydır ki, fondun istiqrazı yerləşdirilməyib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin noyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 049,2 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,82%, orta aylıq ödəniş isə 318,7 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 43 140 manat, orta müddəti 284 ay, orta faiz dərəcəsi 6,51%, aylıq ödəniş isə 311,6 manat təşkil edib.