Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüşlər keçirilib

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüşlər keçirilib
# 29 may 2015 09:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan ilə İranın gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib.

 

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən xəbərə görə, hər iki görüş DGK və İranın Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub. Astara Gömrük İdarəsində keçirilən görüşdə İranı Astara məntəqəsi üzrə sərhəd komissarı İrac Zareinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açıb. İdarə rəisi Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildirib.

 

İ. Zarei Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunaraq azərbaycanlı həmkarları ilə görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığını diqqətə çatdırıb.

 

Görüşdən sonra İran nümayəndə heyəti azərbaycanlı həmkarlarının təcrübəsindən yaralanmaq məqsədilə Astara gömrük-keçid məntəqəsinin ərazisində gömrük rejimi zonasında iş prosesini yaxından izləyib, yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

 

Biləsuvar Gömrük İdarəsində keçirilən görüşdə isə idarə rəisi İlqar Abdullayev Azərbaycan və İran arasında ənənəvi dostluq münasibətlərinin bugünkü səviyyəsindən söhbət açıb və vurğulayıb ki, hər iki ölkənin milli maraqlarına cavab verən qarşılıqlı əməkdaşlığın əhatə dairəsi genişlənməkdədir.

 

İran nümayəndə heyətinin rəhbəri, Aslandüz məntəqəsi üzrə sərhəd komissarı Səid Sabiri Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edərək, öz növbəsində, iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Qonaqlar “Qoşatəpə” gömrük-keçid məntəqəsinin ərazisində gömrükçülərin iş prosesi ilə yaxından tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirmiş, razılıqlarını ifadə ediblər.

 

Qeyd edək ki, hər iki görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması, eləcə də nəqliyyat vasitələrinin növbə yaranmadan maneəsiz hərəkətinin təmin edilməsi və bir sıra digər məsələləri ətraflı müzakirə ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR