Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müstəqilliyini elan etdikdən sonra hökumət ictimai-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirib. AXC müstəqil Azərbaycan ideyasını müstəqil Azərbaycan iqtisadiyyatı yaratmaqla reallığa çevirmək üçün ciddi addımlar atıb. “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” konsepsiyası Azərbaycan Xalq Cümhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə kiçilməsinə aparmamalıdır. Xüsusən də, fabrik və zavodların kiçilməsi yolverilməz hesab edilirdi.
AXC-nin iqtisadi qanunvericiliyinə görə, dövlət mülkiyyətinə, qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmir yolu, işıq, su, teleqraf və sair bu kimi ümumi işlərə xidmət edən quruluşlar” daxil edilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Əkinçilik Nazirliyi torpaqların icarəyə verilməsi yolu ilə də büdcəyə pul daxil olmasını təmin edirdi. Muğan düzündə və Salyan qəzasında 26 min desyatin suvarılan torpağın icarəyə verilməsi nəticəsində buradan götürülən məhsulun satışından xəzinəyə 13 milyon manata qədər gəlir verməli idi. Həmin dövrdə nazirliyin əkinçilik şöbəsi Şamaxı, Göyçay, Nuxa qəzalarında sahibsiz üzüm və meyvə bağlarını qeydiyyata alıb buradan dövlət xəzinəsinə Şamaxı qəzası üzrə 400 min manat, qalan qəzalarda isə 100 min manat gəlir daxil olmasına nail olmuşdu.
Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət hökuməti bir sıra cari təsərrüfat məsələlərini həllində mühüm uğurlar qazanıb. Neft sənayesi ağır vəziyyətdən çıxarılıb, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir yolunun inşası davam etdirilib, Kür çayı üzərində körpü salınıb, Azərbaycan Dövlət Bankı yaradılıb, milli pul nişanları buraxılıb, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq, sənayeni ağır vəziyyətdən çıxarmaq üçün neft məhsullarının ixracı planını işləyib hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın öncül sahəsi sayılıb, çünki həmin zamanda neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi olub.
Buna görə, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi. Həmin dövrdə maksimum səylə hər gün 40-45 sistern neft ixracı mümkün idi. Təkcə 1918-ci ilin noyabrında Bakı ingilislərin işğal zonasına daxil edildikdən və ingilislər 1919-cu ilin avqustuna qədər buradan çıxana qədər Bakıdan 113,5 milyon manatlıq, 30 milyon puda qədər neft aparıblar. Hətta Bakının neft sənayesini nəzarətdə saxlamaq məqsədilə “İngiltərə Neft İdarəsi” də yaradılıb.
Lakin bütün bunlara baxmayaraq Bakı quberniyasının neft rüsumları üzrə Aksiz İdarəsi 1918-ci ilin oktyabrında yaradılır və vəzifəsi Bakı quberniyasında neft rüsumlarını toplamaqdan ibarət olur. AXC hökumətinin 1919-cu il qərarı ilə hər pud xam neftə 3, ağ neftə 5, benzin və sürtgü yağına 7 manat rüsum alınıb.
Müstəqil dövlətin atributu kimi mili pul vahidinin buraxılması Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasətinin mühüm uğuru olub. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar – “Bakı bonları” buraxılıb (həmin vaxtadək tədavüldə “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması ilk vaxtlardan hökumətin iqtisadi siyasətinin əsas məsələsi olub. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılıb. Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olurdu. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılıb. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı.
Maliyyə Nazirliyinin 1919-cu il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması nəzərdə tutulurdu: Parlament xəzinəyə müəyyən rüsum (ixrac olunan xammalın dəyərinin 25%-i qədər) keçirmək şərti ilə xammal ixracına icazə verilməsinə dair qanun (1919, 11 dekabr) qəbul etdi. Xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə, məsuliyyət məsələsinə baxıldı. Qüvvədə olan 1914-cü il 15 noyabr tarixli qanunun 1919-cu il 20 oktyabr tarixli qanunla əvəz edilməsi bu sahədə məsuliyyəti artırdı. Ölkənin sərhədləri daxilində mal mübadiləsinin tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından Azərbaycana xaricdən gətirilən bir sıra zinət şeylərinə müvəqqəti olaraq xüsusi gömrük tarifləri tətbiq olundu. Eyni zamanda daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi (1920, 9 fevral). Hökumət çevik vergi siyasəti yeridir, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində tədbirlər görürdü. Bu məqsədlə xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilmiş (bu siyahıya 200-dən artıq məhsulun adı daxil edilmişdi), xarici sərmayəçilərə və Azərbaycana sərmayə qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonları təklif olunub.
Ölkə iqtisadiyyatında inflyasiyanın qarşısını almaq üçün hökumət bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Zəruri tədbirlər sırasında əmtəələrin sərbəst ixracına nail olunması da var idi. Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə, balıq məhsullarına gömrük rüsumlarının artırılması haqqında 1919-cu ilin avqust ayında parlamentin maliyyə-büdcə komissiyasında bəyənilən qanun layihələri də daxili bazarın qorunması və inflyasiyanın qarşısının alınmasına xidmət edirdi.
Xarici iqtisadi-ticarət fəaliyyətinin iqtisadiyyatın sağlamlaşdırılması və pul tədavülünün tənzimlənməsində rolu parlamentin 1919-cu il 24 noyabr tarixli iclasında geniş müzakirə olunub. Hökumətin iqtisadi platformasında Azərbaycan Xalq Cümhuriyyətin yaranmasından əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət əsasən birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda fəaliyyət göstərən xarici kapital nümayəndələri ilə münasibətləri yenin əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırdı. Məsələn, Azərbaycan hökumətinin 1919-cu il oktyabrın 18-də qəbul etdiyi qərarda Böyükşor gölünün bir hissəsinin Nobel qardaşları birliyinə icarəyə verilməsi haqqında vaxtı bitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərində edilən yeni dəyişikliklər əsaslandırılırdı.
Hökumət başçısı Nəsib bəy Yusifbəylinin parlamentin 1919-cu il 22 dekabr tarixli iclasında elan etdiyi bəyannamədə güclü iqtisadiyyatın yaradılması zərurəti Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi göstərilirdi. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etmək nəzərdə tutulurdu. İndiyədək ticarət siyasətində idxalı artırmaq və ixracı imkan daxilində azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul dəyərdən düşürdüsə, artıq ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsinin mümkünlüyündən və zəruriliyindən bəhs olunurdu. Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli olması, hökumətə gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Hökumətin hazırladığı 1919-cu il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi (AXC dövründən öncə xaricə spirtli içkilərin satışı qadağan olunmuşdu. Bu da təsərrüfatların və hökumətin maliyyəsinə olduqca mənfi təsir göstərmişdi). Hökumət hesab edirdi ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan şəxslər, həmçinin bütün əhali maraqlıdır. Öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodların satmaq onlara əlverişli idi. Bu qanun layihəsini işləyib hazırlayarkən hökumət onu da nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir. Xaricə satışına icazə verilən 85 dərəcəli konyak spirti və 40-45 dərəcəyədək olan üzüm və tut spirti isə bu məqsəd üçün yaramır.
Dövlətin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda qazanılan mənfəətin 30%-ni təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər aktiv iqtisadi tənzimləyici rolunu oynayırdı. AXC gəlir mənbələrini möhkəmləndirmək üçün Bakı Aksiz İdarəsi yaradıb. 1918-ci ilin oktyabrında konyak, meyvədən araqçəkmə zavodlarında üzümdən, eləcə də digər meyvə və giləmeyvələrdən çəkilən spirtə görə aksiz təmiz spirtin hər vedrəsi üçün 50 manata, yüngül üzüm şərablarının hər vedrəsi üçün 10 manata, şampan şərabları üçün 20 manata çatdırılıb. 1919-cu ilin yanvarın 1-dən etibarən içkilər və tütündən patent rüsumu 10 dəfə artırılır.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iqtisadi sahədə önəm verdiyi digər vacib sahə nəqliyyat infrastrukturu idi. Bu məqsədlə Yollar Nazirliyi yaradılır. Artıq 1919-cu ilin aprelindən yol infrastrukturu ilə bağlı bütün sahələr nazirliyin sərəncamına verilir. Nazirlik isə ilk növbədə xüsusilə həmin zamanda böyük perspektivi olan dəmir yolu nəqliyyatından başlayır. Həmin dövrdə Azərbaycan dəmir yollarının ümumi uzunluğu 954,2 km idi. AXC dövründə dəmir yolu infrastrukturunun yenilənməsinə dövlət tərəfindən ayrılan vəsait nəticəsində büdcəyə maliyyə daxil olmasında artım başlamışdı. Belə ki, 1919-cu ildə dəmir yolu nəqliyyatının aylıq gəliri 5 milyon manatdan 40 milyon manata qədər artmışdı. Bundan başqa, 1919-cu ildə Azərbaycan Dəmir Yolu İdarəsi Batumda öz ticarət agentliyini yaradılıb və Azərbaycan Dəmir Yolu İdarəsinin və dəmiryolunun kommersiya agentliyinin müştərilərinin bütün sifarişlərinin icrası ora tapşırılıb.
Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verib. Belə ki, Cümhuriyyətin xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Gürcüstanla bağlanan müqavilə mühüm əhəmiyyətə malik idi. 1918-ci ilin 26 dekabrında bir illik müddətə bağlanan bu müqaviləyə əsasən, böyük ehtiyac olan məhsulların, bu respublikaların tələbatları çərçivəsində gömrük vergiləri qoyulmadan alınıb-satılmasına, habelə Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına icazə verilirdi. Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarını ümumi satışı isə 20 milyon puddan çox olmamalıdır. Gürcüstanın bəzi məhsullarının (daş kömür, meşə materialları və s.) neftin dəyərinin 1/10 hissəsi həcmində Azərbaycana gömrüksüz satılması nəzərdə tutulurdu. Müqaviləyə görə, alınan məhsulların başqa ölkələrə satışına icazə verilmirdi.
Azərbaycan Xalq Cümhuriyyətin Rusiya ilə iqtisadi əməkdaşlığa da böyük əhəmiyyət verir, neft, pambıq və başqa ixrac məhsulları üçün Rusiya bazarının əhəmiyyətini nəzərə alırdı. 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalanıb. Lakin Rusiya Azərbaycanı qane edə biləcək bir sıra şərtlər vəd etsə də, onlara əməl etmədi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İtaliya ilə də iqtisadi siyasi əlaqələri genişləndirmək məqsədilə İtaliya-Azərbaycan sazişləri imzalanıb. İtaliyanın Azərbaycanda güclü iqtisadi marağı var idi. Lakin o mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzlərdən qorumaq iqtidarında deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı bu işdən çəkindirdi. İtaliya hökuməti 1920-ci ilin yanvarında Azərbaycanı de-fakto tanıyandan sonra fevralında Azərbaycana 35 nəfərdən ibarət nümayəndə heyəti göndərir. İtaliya Azərbaycandan neft, Azərbaycan isə oradan ordu üçün silah və hərbi geyimlər almaq niyyətində idi. İki ölkə arasında imzalanan sənədə əsasən, İtaliya Azərbaycana müxtəlif təyinatlı hərbi sursat, Azərbaycan isə İtaliyaya 500 min pud neft, yaxud mazut göndərməli idi. Azərbaycan neftin hər tonu üçün 35 dollar, mazutun hər tonu üçün isə 25 dollar almalı idi. Bundan başqa, İtaliya hökumətinin ayrı-ayrı firmalarının nümayəndələri 1920-ci ilin əvvəlindən neft və neft məhsulları, pambıq, ipək və digər məhsullar almaqla bağlı sazişlər imzalayıb. Lakin “Aprel işğalı” İtaliya-Azərbaycan sazişlərinin reallaşdırılmasına imkan vermədi.
Azərbaycan Xalq Cümhuriyyətin iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində təcrübəsi də maraq doğurur. Cümhuriyyət dövründə dövlət sektoruna dövlətin iqtisadiyyata təsir amili kimi baxılır, mülkiyyətin çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə və hətta başlıca olaraq, onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır. Dövlət milliləşdirmə və əksmilliləşdirmə tədbirlərini həyata keçirməklə yanaşı, əmək münasibətlərinin qaydaya salınmasını da təmin edirdi. Daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üçün iqtisadi-hüquqi qanunların hazırlanmasına, onların yerinə yetirilməsinə də böyük əhəmiyyət verilirdi. Az vaxtda yalnız maliyyə, vergi, bank-kredit sahələri üzrə 82-dən çox qanun layihəsi işlənib hazırlanmış, bir çox qanunlar təsdiq olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövlət əhəmiyyətli mühüm məsələlərin həllində geniş konsensusa nail olmağa çalışırdı. Parlamentin qanunlar vasitəsilə həyata keçirdiyi ümumi tənzimləmə tədbirləri dövlətin timsalında qeyri-mərkəzləşdirilmiş demokratik özünüidarə formalarına əsaslanan tədbirlərlə əlaqələndirilirdi.
Hökumətin iqtisadi proqramı qarşılıqlı razılaşma əsasında ayrı-ayrı partiyaların məramnamələrində qoyulan iqtisadi məsələlərə uyğun işlənib hazırlanırdı. Bəzən alternativ variantların mövcudluğu daha səmərəli fəaliyyət istiqamətinin müəyyən olunmasını tələb edirdi. Bununla əlaqədar iqtisadi təmayüllü bir neçə komissiya-maliyyə, büdcə, fəhlə, aqrar, ölkənin məhsuldar qüvvələrindən istifadə komissiyaları yaradılmışdı. Dövlət və hökumət strukturunda olan Əkinçilik, Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye Nazirlikləri, Əmək müfəttişliyi kimi qurumlar dövlətin iqtisadi tənzimləmə fəaliyyətinin həyata keçirilməsində mühüm rol oynayırdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısına qoyduğu iqtisadi inkişaf proqramının tam həyata keçirilməsinə 1920-ci ilin aprel işğalı imkan vermədi.
Buna baxmayaraq, 1991-ci ildə AXC-nin varisi olan Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi bu həmin dövrdəki iqtisadi proqramın davamını gətirdi. 1993-cü il “Əsrin müqaviləsi”, ardınca Bakı-Tblisi-Ceyhan, Bakı-Tblisi-Qars, TANAP və s. layihələrin icrası, iqtisadiyyatın diversifikasiyası məqsədilə hazırlanan “Strateji Yol Xəritəsi” və bundan irəli gələn məsələlərin həlli Azərbaycanın iqtisadi qüdrətinin artırılması istiqamətində görülən tədbirlərdəndir.
“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”