Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 332 mln. manat və ya 22,1% artaraq 2014-cü il noyabrın 1-nə 23,936 mlrd. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabr ayı ərzində aktivlərin həcmi 430,4 mln. manat və ya 1,83% artıb. Bu ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə 3,551 mlrd. manat və ya 17,42%-lik artım qeydə alınıb.
Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 16 483,9 mln. manat və ya ümumi aktivlərin 68,9%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 124,5 mln. manat həcmində olan investisiyalar, 1 461,9 mln. manat həcmində olan müxbir hesabları, 943,9 mln. həcmində nağd vəsaitlər, 983,4 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 938,6 mln. manat həcmində digər aktivlər tutur.
Passivlərin strukturunda isə 10 411,8 mln. manat depozitlər, 8 093,9 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 537 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 893,5 mln. manat təşkil edib.