Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 7 431,7 mln. manat və ya 34,7% artaraq 2015-ci il aprelin 1-nə 28 mlrd. 850,3 mln. manata çatıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-cü ilin mart ayı ərzində aktivlərin həcmi 217,8 mln. manat və ya 0,8% artıb.
Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 19 087,2 mln. manat və ya ümumi aktivlərin 66,2%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 547,2 mln. manat həcmində olan investisiyalar, 2 382,4 mln. manat həcmində olan müxbir hesabları, 1 129,2 mln. həcmində nağd vəsaitlər, 1 404,1 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 2 300,4 mln. manat həcmində digər aktivlər tutur.
Passivlərin strukturunda isə 12 446 mln. manat depozitlər, 10 366 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 808 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 4 230,2 mln. manat təşkil edib.