Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın rezidentləri dünyanın 146 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə əmtəə ixrac olunub, 133 ölkədən idxal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 32-si Amerika, 43-ü Asiya ölkələri və digərləridir.
On ayda xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 34 mlrd. 234,1 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 26 mlrd. 872,2 mln. dollar, idxalın həcmi 7 mlrd. 361,9 mln. dollar təşkil edib, nəticədə 19 mlrd. 510,3 mln. dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7% artaraq 1,4 mlrd. dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 151,3 dollara bərabər olub.