İyulun 3-4-də Tehranda Azərbaycan və İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
APA-nın Tehran müxbirinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini Həbib Həsənov, İran İslam Respublikası nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və Avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Reza Nəfisi başçılıq edib.
İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avto-daşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb. Eyni zamanda, iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.