Bakı. Pərviz Nuriyev - APA-Economics. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonu qəbul edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Şahin Mustafayev ölkəmizə səfir təyin olunması münasibəti ilə Herbert Estuardo Meneses Koronadonu təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Qvatemala ilə BMT çərçivəsində əməkdaşlıq edir. Bununla belə, ölkələrimiz arasında əlaqələr inkişaf etdirilməlidir.
Azərbaycanın iqtisadi uğurları, investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, zəngin təbii resursları barədə məlumat verən Ş. Mustafayev ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkədir və inkişafın davamlılığın təmin olunması üçün kompleks tədbirlər davam etdirilir.
Qvatemalalı diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı üçün səy göstərəcəyini qeyd edib. Səfir Azərbaycanın uğurlu siyasət apardığını və iqtisadi inkişafın yüksək olduğunu vurğulayaraq, bir sıra sahələrdə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.