Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Amerika Ticarət Palatası (Amcham) və Vergilər Nazirliyi birgə təşkilatçılığı ilə IV illik Vergi konfransı keçirilib.
“APA-Economics”in məlumatına görə, növbəti vergi konfransı “Vergi sistemində şəffaflıq və əməletmə” mövzusunda olub.
Tədbirin çıxış edən “Amcham-Azərbaycan”ın prezidenti İlqar Vəliyev, vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığının genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyi vurğulayıb. O, bildirib ki, vergi sistemində aparılan islahatlar və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması biznes dairələri tərəfindən diqqətlə izlənilir: “Maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin aparılmasına xidmət edir. IV konfransın təşkil edilməsinin əsas məqsədi vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılmasıdır”.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda elektron hökumətin qurulması iqtisadi sistemin qurulmasına xidmət edir: “Vergi inzibatçılığının təkmilləşdirilməsi təkcə vergi orqanlarının fəaliyyətində deyil, həm də vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin artmasına müsbət təsir edir”.
Vergi sistemində aparılan islahatlar barədə məlumat verən vergilər nazirinin müşaviri Akif Musayev “Amcham-Azərbaycan” və digər təşkilatlarla keçirilən işgüzar görüşlərin əhəmiyyəti barədə danışıb: “Əvvəlki konfranslarda qaldırılan bir çox məsələlər ətrafında aparılmış müzakirələr ölkədə biznes mühitinin təkmilləşməsinə yardım edir”.
Nazirlər Kabineti Aparatının İqtidadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov, IV illik Vergilər konfransının sektorlararası dialoqun inkişafına xidmət etdiyini bildirib: “Azərbaycanda vergi sistemi çox ciddi inkişaf edib və hökumət həmişə çalışıb ki, bu inkişafa meylli siyasət qursun. Son illər ölkədə vergi siyasətinin elektronlaşdırılması, elektron hesab-faktura və mobil imzanın tətbiqi vergi sistemində atılmış ciddi addımlardandır. Bu gün Dünya Bankı, dünyanın beynəlxalq reytinq agentlikləri Azərbaycanın vergi siyasətində aparılan işləri yüksək qiymətləndirirlər”.