Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Türkiyəyə investisiya qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə investisiyan mühiti, təşviq sistemi və investisiya imkanları haqqında birbaşa məlumat vermək məqsədilə toplantı təşkil olunub.
“APA-Economics”in məlumatına görə, tədbir Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilib.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Coşkun Alper bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaş və dostluq münasibətləri mövcuddur. Onun sözlərinə görə, Türkiyədə bu gün bir çox sahələrdə çox maraqlı təşviq mexanizmləri fəaliyyət göstərir: “Bizim bu tədbiri keçirməkdə məqsədimiz, azərbaycanlı iş adamlarını Türkiyədə sərmayələr yatırtmağa sövq etmək və onların həyata keçirəcəkləri layihələrə dəstək verməkdir”.
Səfir bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı tövsiyələri var: “Biz sadəcə azərbaycanlı iş adamlarının Türkiyədə, türk iş adamlarının isə Azərbaycanda sərmayə yatırmalarını hədəfləməmişik. Bizim hədəfimiz üçüncü ölkələrə də sərmayə yatırılmasına nail olmaqdır. Artıq Azərbaycan və Türkiyə iqtisadiyyatı bərabər səviyyədə inkişaf etməkdədir”.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Türkiyədə 2 mindən artıq azərbaycanlı iş adamı fəaliyyət göstərir. O, bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyəyə qoyduğu yatırım, tikintisi aparılan neft emalı zavodunun və digər neft-qaz və neft-kimya kompleksinin tikintisi bir daha bu xalqların nə qədər yaxın olmasından xəbər verir.
Sonra tədbirdə iştirak edən türkiyəli iş adamları çıxış edərək öz potensiallarını təqdim ediblər. Vurğulanıb ki, bu gün Türkiyədə adambaşına düşən milli gəlir 18 min dollar olub. Bu rəqəm 2001-ci ildə cəmi 3 min dollar təşkil edirdi. Türkiyə iqtisadiyyatı bu gün dünyanın 6-cı iqtisadiyyatıdır. Hər il Türkiyənin universitetlərini 600 mindən artıq tələbə buraxır.