Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Çin Xalq Respublikası hökuməti Azərbaycan hökumətinə 4,5 mln. ABŞ dollar (30 mln. Çin yuanı) həcmində növbəti qrant ayırıb.
“APA-Economics”in məlumatına görə, müvafiq razılaşmanı Çinin Azərbaycandakı səfiri Hun Tsuin və Azərbaycanın baş nazirin müavini Abid Şərifov imzalayıb.
İmzalama mərasimində çıxış edən A. Şərifov bildirib ki, iki ölkə arasında əlaqələr həm siyasi, həm iqtisadi sahələrdə çox uğurla inkişaf edir.
Azərbaycan hökumətinin rəsmisi əlavə edib ki, ölkələr arasında ümumi dəyəri 41 mln. dollar olan 10 texniki-iqtisadi əməkdaşlıq ilə bağlı saziş imzalanıb: “Həmin vəsait hesabına bir sıra layihələr həyata keçirilib. Onların arasında 2012-ci ildə Çindən Azərbaycana 163 ədəd kommunal təyinatlı nəqliyyat vasitələrinin, bu il isə 155 ədəd yeni texnikanın gətirilməsini nümunə kimi göstərmək olar”.
Öz növbəsində H. Tsuin qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir və ölkənin beynəlxalq imici ilbəil yaxşılaşır. Diplomat qeyd edib ki, son illər ölkələr arasında iqtisadi-ticari əlaqələr daha da genişlənib.