Bakı. Musa Əhmədov – APA-Economics. Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara uyğun olaraq, bu ilin fevral 24-nə kimi 12% həddində qəbul edilmiş bütün əmanətlər fevralın 24-dən etibarən qorunan əmanət hesab olunur.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, fevralın 24-nə qədər 10, 11 və 12%-lə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, həmin əmanətlər qərarın verildiyi tarixdən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır: “01 avqust 2013-cü il tarixində qorunan əmanətlər üçün maksimum faiz dərəcəsi 12%-dən 10%-ə endirilib, əvvəlki dövrlərdə müvafiq olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 15% və ya daha yüksək olub, bununla əlaqədar olaraq özü-özlüyündə geriyə şamil etmə 01 avqust 2013-cü il tarixdən müəyyən edilir”.
Xatırladaq ki, 2013-cü ilin avqustun 1-dən 2014-cü ilin mayın 19-na kimi maksimal faiz 10%, 2014 cü il mayın 19-dan etibarən isə 9% müəyyən edilib.
Fond bir daha bəyan edir ki, bu ilin fevralın 24-dən etibarən əmanətlərin qorunan əmanət kateqoriyasına aid edilməsi üçün onlar maksimum 12%-lə qəbul edilməlidir. “Banklar həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödəmirlər, yalnız cari rübdən başlayaraq həmin əmanətlərə sığorta haqqı ödəyəcəklər”, - deyə fondun məlumatında vurğulanır.
Xatırladaq ki, fevralın 24-də ADİF qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib. Yeni qərarın indiyədək bankda 12%-dək olan əmanətlərə də şamil olunması ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən iştirakçı banklara rəsmi məlumat verilib.