“AzəriKard” prosessinq mərkəzinin baş direktoru Fərid Quliyevin "APA-Economics"ə müsahibəsi:
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində iyul ayının 3 və 4-də paytaxt Bakıda, eləcə də respublikanın əksər şəhər və rayonlarında enerji təminatında problem yaranıb. Yaranan problemin tənzimlənməsini ölkə prezidenti İlham Əliyev birbaşa olaraq öz nəzarətinə götürüb. Məlum hadisə iqtisadi, təhsil, tibbi qurum və təşkilatların bu qəbildən olan fors-major hallara nə dərəcədə hazır olduğunu nümayiş etdirdi. Qeyd edək ki, baş verən qəzaya baxmayaraq işində fasilə yaranmayan təşkilatlar da oldu. Bunlardan biri ölkəmizdə 22 banka prosessinq xidməti göstərən “AzəriKard” MMC-dir.
“AzəriKard” prosessinq mərkəzinin baş direktoru sualları cavablandırıb.
- Bu qəza mərkəzin işinə necə təsir etdi?
- Baş verən qəzanın Mərkəzin fəaliyyətinə heç bir təsiri olmayıb. İş ondadır ki, mərkəzimiz elektrik enerjisi ilə fasiləsiz olaraq təmin edilir. Bu həm əsas və ehtiyat elektrik kabelləri ilə, həm də bizə lazım olan həcmdə elektrik enerjisini təmin edə biləcək generatorlar vasitəsi ilə həyata keçirilir. Ümumiyyətlə Mərkəz, fəaliyyətini istənilən fövqəladə hallarda ən qısa zamanda bərpa edilməsi üçün bütün vasitələrə malikdir.
- Prosessinq xidməti göstərdiyiniz banklarda işin fasiləsiz davam etməsini necə təmin etdiniz?
- Bir az əvvəl qeyd etdiyim kimi, bankların kart sahəsinin fəaliyyəti heç dayanmamışdır, çünki mərkəzin fəaliyyəti, qəzaya baxmayaraq, stabil şəkildə davam edirdi. İstisna hallar, elektrik enerjinin verilməsindən birbaşa asılı olan bir sıra bankomatların fəaliyyət göstərməməsidir, bu da, bankomatlarda quraşdırılan uzunmüddətli çalışan UPS avadanlıqları sayəsində həll oluna bilən problemlərdir.
- Ümumiyyətlə mərkəzdə kiber-təhlükəsizlik məsələləri hazırda hansı səviyyədədir?
- “Azərikard” prosessinq mərkəzi daimi olaraq kiber təhlükəsizlik səviyyəsini artırmaqdadır. Dünya təcrübəsində olan yeniliklərdən, beynəlxalq ödəniş sistemlərinin tövsiyələrdən və proqram və avadanlıq təminatçılarının təqdim etdikləri müasir vasitələrdən istifadə etməklə, təhlükəsizliyin səvviyəsi ən yüksək tələblərə uyğunlaşdırır. Əlavə olaraq bildirmək istərdim ki, il boyu müxtəlif beynəlxalq audit, yoxlamalar və testlərdən uğurla keçirik və müvafiq sertifikatlar ilə təmin olunuruq. Əks halda, Mərkəzin fəaliyyəti beynəlxalq qayda və tələblərə uyğun sayılmayacaq və dayandırıla bilər.
- Enerji təminatında yaranan problem zamanı bu qəzadan minimum zərərlə çıxmaq üçün atılan ilk addımınız nə oldu?
- Elektrik enerjisinin kəsintisi zamanı fövqəladə hallar planına uyğun olaraq struktur bölmələrin rəhbərlərinin operativ iclası, xidmət mərkəzinin fəaliyyətinin davamlılığı üçün elektrik təchizatının avtonom rejimində verilməsi prosesinin qiymətləndirilməsi həyata keçirilmişdir. Daimi nəzarət və monitorinq həmin ərəfədə daha gücləndirilmiş şəkildə aparılmışdır.
- Mərkəzin belə fors-major hallar üçün hansı tədbir planları mövcuddur?
- Mərkəzin belə və ya digər fors-major halları üçün Fövqəladə hallarda xidmət mərkəzinin fəaliyyətinin davamlılığı planı, daxili proseduralar, qaydalar və digər müvafiq sənədlər mövcuddur.
- Gələcəkdə belə problem yaşandığı halda Mərkəzin operativ fəaliyyətinin təmin edilməsi istiqamətində yeni tədbirlər planı hazırlanır?
- Biz bu günlərdə, mərkəzin daha dayanıqlı, stabil və fasiləsiz fəaliyyətini təmin etmək üçün böyük bir layihəyə start vermişik. Gəncə şəhərində yerləşən ehtiyat mərkəzimizin tam yenidən qurulması, Bakıda yerləşən prosessinq meydançanın Gəncədə bütövlüklə təkrarlanması və bunun ilə belə prosessinq fəaliyyətinin istənilən fövqəladə halında ən operativ şəkildə bərpası bu layihə çərçivəsində mümkün olacaq. Məlumatınız üçün bildirim ki, həm ehtiyat mərkəzinin müasirləşdirilməsi və yenidən qurulması layihəsi, həm təhlükəsizliyin və dayanıqlığın yüksək keyfiyyət ilə təmin olunması çox böyük vəsaitlər tələb edir. Lakin bizim üçün bu prioritet istiqamətlərdir.