Ölkəmizdə keçirilən ikinci Bakı Şopinq Festivalı (BSF) çərçivəsində noyabrın 1-dən etibarən müştərilərə xüsusi yeniliklər təqdim olunur. Festival bu dəfə alış-veriş etmək istəyənləri fərqli və daha geniş imkanlarla sevindirəcək. İlk festivaldan fərqli olaraq payız mövsümünü əhatə edən ikinci festival alıcılara nəinki alış-veriş edərkən ƏDV-nin bir qismini əldə etmək, eyni zamanda müxtəlif lotoreyaların iştirakçısı olmaqla hədiyyə qazanmaq imkanı yaradır.
Festival müddətində üzərində “Bakı Şopinq Festival” stikeri olan mağazalardan 100 manatdan çox alış-veriş edən hər kəs lotoreyanın iştirakçısı ola bilər. Bunun üçün müştərilər alış-verişdən sonra onlara verilən hesab fakturalarını Bakı Şopinq Festivalının Məlumat Masasına təqdim etmək lazımdır.
Festival zamanı 100-500 manat dəyərində alış-veriş edənlər bir bilet, 500 manat və daha çox məbləğdə alış-veriş edənlər isə iki bilet qazanacaq. Biletləri yerindəcə pozmaqla müştərilər “MetroPark”dan plazma televior, “Park Bulvar”dan videokamera, “Bravo” marketdən smartfon, “Optimal Electronics”dən soba, “Baku Electronics”dən müasir tozsoran, çoxlu sayda müxtəlif hədiyyələr və endirim kuponları əldə edəcəklər. Lotoreya biletləri haqqında ətraflı məlumatı BSF-nin internet səhifəsindəki aşağn ıdakı linkdən əldə edə bilərsiniz (http://bakushopfest.com/lotereya/).
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
İlk Bakı Şopinq Festivalı bu il aprelin 10–dan mayın 10-dək keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.