Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, təəssüf doğuran hal odur ki, son zamanlar narkotik vasitələri ölkəyə gətirmək istəyən narkokuryerlər arasında qadınlara da tez-tez rast gəlinir. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.
Bu günlərdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılaraq onun üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Ümumiyyətlə, bu ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən 24 qadın müxtəlif növ narkotik vasitələri ölkə sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıb.