Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 mlrd. 645 mln. 692 min manat olub.
“APA-Economics” Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu məbləğin 33,4%-i mənfəət vergisinin, 27,5%-i əlavə dəyər vergisinin, 13,2%-i fiziki şəxslərin gəlir vergisinin, 10,6%-i aksizlərin, 15,3%-i isə digər vergilərin payına düşür.
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 mlrd. 899 mln. 924,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur.
Yanvar-noyabr aylarında respublika üzrə 75 min 988, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çox vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin dekabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71288 vergi ödəyicisi çox, yəni 604 381 olub.
2014-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3% təşkil edib.