Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollegiya iclası keçirilib.
“APA-Economics”in məlumatına görə, kollegiya iclasında vergilər naziri Azər Nağıyev bildirib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə proqnoz 106,2% icra edilib ki, bu da 2016-cı illə müqayisədə 2 mln. 336 min 800 manat və ya 2,7% çoxdur. Eyni zamanda yerli vergi orqanlarının hər biri üzrə müəyyən olunmuş proqnoza artıqlaması ilə əməl edilib.
Nazir vurğulayıb ki, rayonlarda kiçik və orta sahibkarlığın fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının da artımına səbəb olub: “Buna görədir ki, özəl sektordan vergi daxilolmaları 2016-cı illə müqayisədə Ordubad rayonu üzrə 1,8, Culfa rayonu üzrə 1,1, Kəngərli rayonu üzrə 2,4 dəfə artıb. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 37 faizi dövlət sektorunun, 63 faizi isə özəl sektorun payına düşür”.
Nazir diqqətə çatdırıb ki, kameral vergi yoxlamalarına diqqətin daha da artırılması nəticəsində hesabat dövrü ərzində vergiödəyiciləri tərəfindən 27 157 bəyannamə təqdim edilib ki, bunun 27 140-ı, yəni 99,9%-i elektron formada olub: “2017-ci ildə aktiv vergiödəyicilərinin sayı 7256 olmaqla, ümumi vergiödəyicilərinin sayında xüsusi çəkisi (kənd təsərrüfatı istisna olmaqla) 27,1 faiz olub, 2016-cı ilə nisbətən 1,5 dəfə və ya 2488 vahid artıb”.
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi məqsədilə muxtar respublikada aparılmış təbliğat tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə nağdsız hesablaşmaların həcmi 30 mln. 799 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 mln. 97 min manat çoxdur. Sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əmək haqlarının reallığı əks etdirməsi vəziyyətinə nəzarətdən də bəhs edən nazir qeyd edib ki, işəgötürən fiziki şəxslər tərəfindən əmək haqqından ödənilən gəlir vergisi məbləği hesabat dövründə 126 min 650 manat olub. Bu da 2016-cı illə müqayisədə 12 min manatdan çox deməkdir.
Vurğulanıb ki, Vergilər Nazirliyinin və yerli vergi orqanlarının qeydiyyat strukturları tərəfindən “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində 43 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, həmçinin 2171 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 67%-i muxtar respublikanın rayonlarının payına düşür. Həmçinin öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 6 489 fiziki şəxs tərəfindən 169 min 410 manat vergi məbləğinin və repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi ilə 166 repetitor tərəfindən 2 406 manat vəsaitin büdcəyə ödənilməsi təmin edilib.