Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 24 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycan sürətli iqtisadi inkişafa nail olub.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev B-20 Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışı zamanı bildirib.
Ş. Mustafayev bildirib ki, bu dövr ərzində Azərbaycan bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib: “Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80%-ə yaxın hissəsini təşkil edir. Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaradıb”.
Nazir vurğulayıb ki, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir.
“Eyni zamanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Görülən işlər nəticəsində Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb. Hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulub ki, bunun yarısı xarici investisiyalardır”.
Ş. Mustafayev bildirib ki, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlərin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınmasına imkan yaranacaq. “Qeyd etmək lazımdır ki, enerji, nəqliyyat və digər regional infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrlə sıx əməkdaşlıq edir”, - deyə nazir əlavə edib.