Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir.
Palatadan “APA-Economics”ə verilən xəbərə görə, aktivlərin məhdud olması səbəbindən ləğvetmə komissiyası tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23%-i həcmində ödənilməsi qərara alınıb.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılıb. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilib və məhkəmə tərəfindən təsdiq edilib. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılıb. Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.