Yevlax Gömrük İdarəsinin “Gömrük və gənc nəsil” mövzusunda keçirdiyi növbəti görüş Qəbələ şəhərindəki Şirvan Bülqədirov adına 5 saylı tam orta məktəbdə baş tutub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə idarənin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər.
Yevlax Gömrük İdarəsinin əməkdaşları “Gömrük və gənc nəsil” mövzusunda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, məhz dahi rəhbərin öndərliyi ilə ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, gömrük orqanları müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya standartlarına cavab verən gömrük sistemi yaradılmışdır. Hazırda isə bu missiyanı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.
Daha sonra məktəblilərə Azərbaycan gömrük xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyini qoruması, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə aparması, inkişaf etmiş ölkələrin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirməsi barədə məlumat verilib.
Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və belə tədbirlərin məhz şagirdlərin təhsil aldıqları məktəblərdə keçirilməsinə görə gömrük əməkdaşlarına minnətdarlığını ifadə edib.