Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü il noyabr ayının 1-nə 15 033,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 1 449,5 mln. dollar və ya 10,67% çoxdur.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, amma bu ilin oktyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,8 mln. dollar və ya 0,06% azalıb. Başqa sözlə, sentyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 15042,4 mln. ABŞ dolları idisə, oktyabrda bu göstərici 15 033,6 mln. ABŞ dollarına qədər azalıb. Qeyd edək ki, artıq 3 aydır ki, yəni, iyul ayından Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarında azalma müşahidə edilir. Belə ki, iyul ayı ilə müqayisədə avqustda rəsmi valyuta ehtiyatları 2,5 mln. dollar və ya 0,02%, avqustla müqayisədə sentyabrda 148,5 mln. dollar və ya 0,98%, sentyabrla müqayisədə oktyabrda 8,8 mln. dollar və ya 0,06% azalıb. Ümumilikdə, iyul ayından başlayaraq ehtiyat 1% və ya 159,8 milyon dollar azalıb.

Qeyd edək ki, bu ildə valyuta ehtiyatlarının artım tempi ötən illə müqayisədə müəyyən dərəcədə azalıb. Belə ki, bütövlükdə 2013-ci il ərzində AMB-nin valyuta ehtiyatlarının artımı 2 457,2 mln. dollara bərabər olub, bu ilin yanvar-oktyabr aylarında isə artım 814,3 mln. dollar və ya ötənilki artımın 33,1%-ni təşkil edib. Bununla yanaşı, ötən ilin yanvar-oktyabr ayları ərzində artım 1620,1 mln. dollar təşkil edib ki, bu da, göründüyü kimi, bu ilki 10 aylıq göstəricidən 1,99 dəfə çoxdur.