Bank Of Baku

Vüsal Qasımlı: "Azərbaycanda fiskal və tədiyyə balansında dayanıqlıq müşahidə edilir"

Vüsal Qasımlı: "Azərbaycanda fiskal və tədiyyə balansında dayanıqlıq müşahidə edilir"
# 05 iyun 2018 10:36 (UTC +04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı qeyri-neft özəl sektoruna üstünlük verilməklə davamlı inkişaf edir".

 

APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib. Onun sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarında son aylardakı dalğalanmalar manatda təkrarlanmayıb, inflyasiya cilovlanaraq təkrəqəmli həddə endirilib. Mərkəz rəhbəri deyib ki, qeyri-neft ixracı ilk dörd ayda 20 faizə qədər və qeyri-neft ÜDM-i isə 3 faizə qədər artıb, həm fiskal, həm də tədiyyə balansında dayanıqlıq müşahidə edilir. V.Qasımlı əlavə edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır.

 

"İctimai-siyasi sabitlik və dayanıqlı iqtisadi inkişaf biznesin ən əsas gözləntisi – iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsini son bir ildə 2,3 dəfə artıb. Bu isə Prezident İlham Əliyevin iqtisadi siyasətinə yüksək etimadın göstəricisidir. Siyasi etimad, dayanıqlı inkişaf, biznes mühitin davamlı təkmilləşdirilməsi, infrastrukturun yaxşılaşdırılması, dövlət dəstəyi və Azərbaycanın qitələrarsı nəqliyyat-logistika habına çevrilməsi xarici investisiya cəlbinin artırılması üçün əsas zəmindir. İnvestorlar üçün iqtisadiyyatın artım nöqtələrinin bəlli olması proqnozlaşdırılma imkanını daha da artırır. Postneft dövründə iqtisadi artım nöqtələri neft-kimya, alüminium, polad, ərzaq və müdafiə sənayesi, turizm, nəqliyyat-logistika, meyvə-tərəvəz, pambıq, üzüm və digər iqtisadiyyat sahələridir. Təsadüfi deyil ki, sorğu nəticələri göstərir ki, əksər Avropa iş adamları Azərbaycanda biznesini genişləndirmək və ya ən azından olduğu səviyyədə saxlamaqda israrlıdırlar. Avropa mənşəli sahibkarların Azərbaycan iqtisadiyyatının gələcəyinə inamı digər investorların da eyni düşüncədə köklənməsinə zəmindir. Xüsusilə də özəlləşdirmə, sənaye parkları və məhəllələri, aqro və texno parklar, Ələt xüsusi zonası, investisiya təşviqi sənədi kimi dövlət təşəbbüsləri sərmayə cəlbini sürətləndirməyə imkan verir. Üstəlik Azərbaycanda ucuz kvalifikasiyalı işçi qüvvəsi, enerji daşıyıcıları və xidmətlərin ucuz olması investisiya cəlbediciliyini artırır. PwC-nin apardığı sorğulara əsasən Azərbaycanda önümüzdəki il üçün artım dinamikasının yaxşılaşdırılmasını proqnozlaşdıran CEO-ların sayı iki dəfə yüksəlib. Çünki Azərbaycan iqtisadiyyatı son böhrandan müsbət nəticələr çıxarıb, həm özəl, həm də dövlət sektoru strateji, biznes və əməliyyat modellərini yeniləyib. İqtisadiyyat isə yeni tarazlıq səviyyəsinə uyğunlaşdırılıb.       Bakı-Tbilis-Qars dəmiryolunun işə salınması, “Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Cənub Qaz Dəhlizinin inaqurasiyası onu göstərir ki, Azərbaycan dünyada ən cəlbedici investisiya məkanlarından biri kimi mövqelərini qoruyur, eyni zamanda Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən şəkillənməsində mühüm rol oynayır", - deyə V.Qasımlı vurğulayıb.

 

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı onun sabit maliyyələşmə mənbəyi olaraq maliyyə-bank sektorunun da canlanmasını şərtləndirir. Onun sözlərinə görə, bu ilin ilk dörd ayında bank sektorunda aktivlərinin həcmi sabit qalıb, kredit portfelinin davamlı azalma trendi dayanıb və az da olsa artıb. Mərkəz rəhbəri əlavə edib ki, kredit portfeli üzrə dollarlaşma 41,3 faizdən 39,6 faizə enib, likvid aktivlər cəmi aktivlərin 22 faizini təşkil edib və sektorun xarici borcu 40 faiz azalıb. O qeyd edib ki, 2018-ci ilin 4 ayında banklar tərəfindən 313 milyon manat həcmində kapital inyeksiyasını təmin edilib: "Hazırda neftin dünya bazar qiymətinin büdcə proqnozundan 80 faizə qədər baha olmasına rəğmən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi onu göstərir ki, islahatlar dönməz xarakter alıb. Keçən il olduğu kimi bu il də Azərbaycan “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlamaqda qərarlıdır. Çünki son bir ildə biznesə başlama, tikinti icazələri, kreditə çıxış, daşınar əmlakın yüklülüyü, elektrikə çıxış, investorların qorunması və elektron məhkəmə sahəsində mühüm islahatlar həyata keçirilib. Bundan sonra iqtisadi islahatların əsas istiqamətləri rəqabət mühitinin daha da yaxşılaşdırılması, dövlət müəssisələrində korporativ standartların tətbiqinin gücləndirilməsi, özəlləşdirmə, dövlət-özəl əməkdaşlığı, vergi və gömrük islahatlarının davamlılığının təmin edilməsi, ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə siyasətinə keçid, davamlı monetar siyasətin yeridilməsi, dövlətin borc strategiyasının qəbulu, e-hökümətin funksionallığının daha da artırılması, institutsional təkmilləşmə və insan kapitalının inkişafı kimi sahələri əhatə edəcək.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR