Bank Of Baku

Gürcüstanda müxalifət liderlərindən biri seçki məntəqəsində qadınlar tərəfindən döyülüb

Gürcüstanda müxalifət liderlərindən biri seçki məntəqəsində qadınlar tərəfindən döyülüb
# 21 may 2008 14:13 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın birləşmiş müxalifətinin liderlərindən biri, Zuqdidi majoritar dairəsindən deputatlığa namizəd Koba Davitaşvili seçki məntəqəsində bir qrup qadın tərəfindən döyülüb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hakimiyyətdəki Vahid Milli Hərəkat Partiyası məlumat yayıb. Partiyanın seçki qərargahından bildiriblər ki, Ruxi kəndindəki məntəqə seçki komissiyasının qadın üzvlərindən biri K. Davitaşvili tərəfindən fiziki təhqirə məruz qalıb, bundan sonra komissiyanın digər qadın üzvləri müxalifət liderinə hücum edərək onu döyüblər.
Laqodexi rayonunda isə Leyborist Partiyasından olan qadın seçki məntəqəsində seçici siyahılarından birini özü ilə aparıb. Mərkəzi Seçki Komissiyasının mətbuat sözçüsü Zurab Kaçkaçişvili bildirib ki, Ketevan Talaxadze adlı müxalifətçi qadın seçici siyahısını alt paltarının içində gizlədərək seçki məntəqəsindən qaçıb: “Siyahıda 42 seçicinin adı var. Bu şəxslər səs verə bilmək üçün polisin Talaxadzeni yaxalamasını və siyahını ondan almasını gözləməlidirlər”. MSK-nın Leyborist Partiyasından olan üzvü Georgi Mtvarelidze isə sözçünün açıqlamasını boş sözlər adlandırıb: “Həmin məntəqədə saxtalaşdırma gedirdi. Baş vermiş qarışıqlıqda seçici siyahısı itib və bir qədər sonra məntəqənin ərazisində tapılıb. Bizim nümayəndəmiz heç yerə qaçmayıb və nəyisə gizlətməyib”.
Respublika Partiyasının lideri David Usupaşvili də seçkilərin qanun pozuntuları şəraitində keçirildiyini söyləyib: “Xüsusən bölgələrdə seçkilər polis və xüsusi xidmət orqanlarının köməyi ilə keçirilir”. D. Usupaşvili Kaspidə Dairə Seçki Komissiyasının bağlı olduğunu və heç bir şikayətləri qəbul etmədiyini, Xaşuridə müxalifətin müşahidəçilərindən birinin videokamerasının sındırıldığını, Siqnaxidə jurnalist Eliso Çapidze və onun yanındakı operatorun fiziki təhqirlərə məruz qaldıqlarını bildirib: “Bütün bunlara baxmayaraq, biz işimizi davam etdiririk və öz mövqelərimizi əldən vermirik. Mən bir daha hökumətə xəbərdarlıq edirəm ki, onlar bu yolla hakimiyyətlərinin saxlaya bilməzlər, vəziyyət nəzarətdən çıxa bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR