Rusiyanın "Aeroflot" şirkəti müvəqqəti olaraq uçuşları Mahaçqala hava limanından Qroznıya keçirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, aviaşirkətdən bildirilib ki, Mahaçqala hava limanı bağlı olduğu müddətdə “Aeroflot” Moskva və Sankt-Peterburqdan Qroznıya uçacaq.
"Mahaçqala hava limanının uçuşlara bağlandığından “Aeroflot”un Moskva – Mahaçqala – Moskva və Sankt-Peterburq – Mahaçqala – Sankt-Peterburq marşrutları üzrə uçuşları Qroznı hava limanından yerinə yetiriləcək. Reyslərin gəliş və gediş saatları dəyişməz olaraq qalır. Mahaçqaladan Qroznıya və əks istiqamətdə sərnişinlər avtobuslarla daşınacaq", deyə “Aerflot”un məlumatında bildirilib.
Qeyd edək ki, oktyabrın 29-da Mahaçqala hava limanında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb.