Belarusda bu il KTMT-nin 3 təliminin keçirilməsi planlaşdırılıb.
APA xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, manevrlər “Qarşılıqlı fəaliyyət”, “Eşelon” və “Axtarış” adlanacaq.
“Hərbi sahədə mövcud imkanlarımızın gücləndirilməsi üçün ilk növbədə təşkilatın kollektiv hərbi qüvvələrinin döyüş hazırlığının təmin edilməsinə yönələn əməli addımlar nəzərdə tutulub”, - Tasmaqambetov bildirib.
Baş katibin sözlərinə görə, görülən işlərin ən mühüm istiqamətlərinə terrorizmə və transmilli cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyi sahəsində tədbirlər daxildir.
O həmçinin vurğulayıb ki, təşkilatın böyük regional və beynəlxalq strukturlarla, o cümlədən BMT, MDB, ŞƏT, ATƏT ilə əməkdaşlığı bundan sonra da davam edəcək.