Bolqarıstan paytaxtının səfirlik qarşısında etiraz aksiyası keçirən sakinləri amerikalı pilotların abidəsinin ABŞ səfirliyinin hasarının içərisinə köçürülməsini tələb ediblər.
APA xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Etirazın səbəbi yanvarın 10-da Britaniya və Amerika Hərbi Hava Qüvvələrinin Sofiyanın bombalanmasının 80-ci ildönümünü qeyd etməsi olub.
Sofiyaya qarşı bu hücumlarda 1200-dən çox sakin həlak olub, 1300-dən çox insan yaralanıb, 5300-dən çox binaya ciddi ziyan dəyib, paytaxta ümumilikdə 1784 bomba atılıb. Tarixi məlumatlara görə, 100-dən çox Amerika və Britaniya təyyarəsi Bolqarıstanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş, 159 hərbçi həlak olmuş, 330 pilot və hava desantçısı əsir götürülmüşdür.
Bir qrup etirazçı abidəyə yaxınlaşmağa çalışsa da, səfirliyin ətrafını qoruyan polis onları dayandırıb.