Ermənistan XİN Türkiyə nümayəndəsinin Aİ missiyasında yer alma ehtimalına münasibət bildirib

Ermənistan XİN Türkiyə nümayəndəsinin Aİ missiyasında yer alma ehtimalına münasibət bildirib
# 19 mart 2024 16:05 (UTC +04:00)

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə Türkiyə nümayəndəsinin Aİ-nin müşahidə missiyasının tərkibində ola biləcəyi ehtimalına münasibət bildirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, martın 19-da parlamentdə Ermənistanda Avropa missiyasının statusu haqqında sazişin ratifikasiyasını müzakirə edən zaman bunu deyib.

Müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan bildirib ki, sənədə əsasən, missiyaya Aİ-dən kənar ölkələrin nümayəndələri də daxil ola bilər, lakin Ermənistan tərəfindən namizədlərin təsdiqi ilə bağlı heç bir bənd yoxdur.

"Aİ-yə belə bir imkan verilsə, o zaman missiyaya Türkiyədən və ya Albaniyadan müşahidəçi daxil ola bilərmi? Ermənistan müşahidəçilərin sayına nəzarət edə bilərmi?", – Manukyan soruşub.

Qanun layihəsini təqdim edən nazir müavini cavab olaraq deyib ki, bu məsələdə razılıq siyasi dialoq yolu ilə əldə edilir. O buna misal kimi Kanada nümayəndəsinin missiyaya cəlb edilməsini xatırladıb.

Mnatsakan Safaryan əlavə edib ki, missiya nümayəndələrinin sayı da müzakirə edilir və bu, tərəflər üçün məcburi məqamdır.

Safaryan bildirib ki, 2003-cü ildən bəri dünyada Aİ-nin 37 hərbi və mülki missiyası fəaliyyət göstərir. Hazırda 21 (12 mülki, 9 hərbi) missiyası fəaliyyət göstərir.

Qeyd edək ki, sazişə əsasən müşahidəçi statusu diplomatik statusa yaxın olacaq, müşahidəçilər monitorinq funksiyalarını yerinə yetirmək baxımından hüquqi toxunulmazlığa malik olacaqlar.

Aİ müşahidəçi missiyası 20 fevral 2023-cü il tarixindən Avropa Şurasının qərarı ilə daimi əsasda rəsmi olaraq Ermənistanda yerləşdirilib. Bundan əvvəl, 2022-ci ilin oktyabrından missiya müvəqqəti olaraq Ermənistanda idi. Hazırda Ermənistanın Azərbaycanla sərhədində missiya yerinə yetirən avropalı müşahidəçilərin sayı 209 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR