2022-ci ilin yanvar-avqust aylarında Ermənistandan Rusiyaya ixrac iki dəfə artıb.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə 2023-cü ilin dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.
"2022-ci ilin səkkiz ayı ərzində Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 2 milyard 642 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 71,7 faiz təşkil edib. İxrac iki dəfə, idxal 55,3 faiz artıb", - Kerobyan bildirib.
Ermənistanın iqtisadiyyat naziri deyib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında ticarətin əsas hissəsi də Rusiyanın payına düşür.
2022-ci ilin yanvar-avqust aylarında Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə (1,6 milyard dollar) 74,1% artaraq 2,778 milyard dollara çatıb.