Bank Of Baku

Gürcüstan parlamenti yeni kabineti həftə sonu təsdiqləyəcək - YENİLƏNİB-2

Gürcüstan parlamenti yeni kabineti həftə sonu təsdiqləyəcək - YENİLƏNİB-2
# 03 sentyabr 2019 12:54 (UTC +04:00)

Gürcüstan Parlamentinin hökümətin yeni tərkibini təsdiqləyəcəyi gün məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, parlament  hökumətin yeni tərkibinin təsdiqlənməsi üçün həftə sonu işləyəcək. Şənbə günü iş fraksiyalarda olacaq, bazar günü isə plenar iclasda səsə çıxarılacaq.

Gürcüstan Parlamentinin sədri Archil Talakvadze bildirib ki, hökumət proqramı və kabinetin tərkibi etimad səsverməsindən əvvəl komitələrdə və fraksiyalarda müzakirə ediləcək.

"Sabah komitə müzakirələrinə başlayacağıq. Bütün maraqlı tərəflərin proqramla tanış olmaları və komitə müzakirələrinə hazırlaşması üçün kifayət qədər vaxt olacaq və komitə müzakirələri paralel olaraq baş tutmayacaq. Komitə iclasları dörd blokda keçiriləcək. Bu, xarici blok, sosial blok, ədalət və hüquq mühafizə bloku və iqtisadi blokdur. Bütün bunlar iki gün davam edəcək. Bundan sonra fraksiyalarla görüşlər olacaq və iki gün ərzində fraksiya iclasları keçiriləcək. Bu, qaydalarla müəyyən edilib ", - deyə  Arçil Talakvadze bildirib.

***

12:17

Gürcüstanın Baş nazir vəzifəsinə namizəd Giorgi Qaxarianın etimad bildirməsi üçün parlamentə təqdim etdiyi hökumətin tərkibi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, yeni kabinetin tərkibində Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili, Ətraf mühit və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili , İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Müdafiə naziri İrakli Qaribaşvili, Ədliyyə naziri Tea Tsulukiani, Məcburi Köçkünlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri  Keterine Tikaradze, Maliyyə naziri İvane Maçavariani, Daxili İşlər naziri vəzifəsinə Vaxtanq Qomelauri, Barışıq və Vətəndaş Bərabərliyi naziri Ketevan Tsixelaşvilinin təyin edilib.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib ki, Nazirlər Kabinetinin yeni tərkibi, həmçinin hakim partiyanın 2019-2020-ci illər üçün təqdim etdiyi  hökumət proqramı əvvəlcə komitə iclaslarında və fraksiyalarda müzakirə ediləcək. Bundan sonra millət vəkilləri plenar iclasda yeni hökumətə etimad məsələsini müzakirə edəcəklər.

***

11:24

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının Baş nazir vəzifəsinə namizədi Giorgi Qaxaria kabinetin yeni üzvlərinin təsdiqlənməsi üçün parlamentə təqdim edib.

APA-nın yerli bürosu xəbər verir ki, bir neçə dəqiqədən sonra başlayacaq büro iclasında hökumət dəyişiklikləri müzakirə ediləcək.

Gürcüstan Konstitusiyasına görə, hökumətin yenilənmiş tərkibi parlamentdən etimad almalıdır. Hökumətin ləğvi, Baş nazirin istefası və ya başqa bir şəkildə vəzifəsindən kənarlaşdırıldığı andan iki həftə içərisində parlament, hakim partiyanın Baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü şəxsə və onun tərəfindən irəli sürülən hökumətə etimad göstərməlidir.

***

10:45

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının Siyasi Şurasının iclasında Daxili İşlər naziri Giorgi Qaxarianın Baş nazir postuna namizədliyi irəli sürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın sədri Bidzina İvanişvili keçirdiyi brifinqdə məlumat verib.   

“Bu gün səhər biz "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının iclasını keçirdik. Siyasi məclisdə mən, partiya sədri olaraq, Baş nazirin Giorgi Qaxaria olması üçün namizədliyini irəli sürdüm. Bu qərarda tam dəstək aldıq. Həm siz, həm də ictimaiyyət Giorgi Qaxaria ilə tanışsınız. Düşünürəm ki, o, biznes ombudsmanı, İqtisadiyyat naziri, Daxili İşlər naziri vəzifələrini uğurla icra edib və bu vəzifəyə namizəd olmağa layiq olub. Hesab edirəm ki, parlament bunu mütləq təsdiqləyəcək", - deyə Bidzina İvanişvili bildirib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan bu vəzifəni icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR