Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun payız sessiyasının açılış mərasimində iştirak etməyəcək.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri, nümayəndə heyətinin AŞPA-dakı rəhbəri Tamar Çuqoşvili “İmedi” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın AŞPA-ya geri qəbul edilməsi belə bir qərarın qəbul edilməsinə səbəb olub.
Ukrayna ilə həmrəy olduqlarını vurğulayan T. Çuqoşvili qeyd edib ki, Gürcüstan nümayəndə heyəti AŞPA-nın payız sessiyasının açılış mərasimi ilə bağlı təntənəli xarakter daşıyan müxtəlif tədbirlərdə və görüşlərdə, eyni zamanda plenar sessiyalarda iştirak etməyəcək.
“Bu, bizim qərarımızdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.
Xatırladaq ki, bu il Rusiya 5 illik fasilədən sonra AŞPA-ya geri qəbul edilib.
Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra AŞPA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınıb. Rusiya buna etiraz olaraq, 2016-cı ildən nümayəndə heyətini AŞPA-ya göndərməmə barədə qərar qəbul edib.