Ermənistan və İran arasında əmtəə dövriyyəsini gələcəkdə 3 mlrd. dollara çatdırmaq olar.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşü zamanı deyib.
İranın XİN rəhbəri və Ermənistan parlamentinin spikeri ticari-iqtisadi sahədə qarşılıqlı əməkdaşlıqla yanaşı, təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Abdullahiyan İranın Təbriz şəhərində Ermənistan konsulluğunun açılmasında maraqlı olduğunu da vurğulayıb.
Tərəflər iki ölkə arasında ticarət əlaqələrinin həcminin ilkin mərhələdə 1 mlrd. dollara (hazırda bu rəqəm 700 milyon dollara yaxındır), ikinci mərhələdə isə 3 mlrd. dollara çatdırılması üçün imkanları müzakirə ediblər.