Ermənistanda Aramus kəndindəki “Erika” restoranında baş verən atışmada Qarabağ separatçılarının keçmiş rəhbəri Arayik Arutunyanın qardaşı Armen Arutunyan da olub.
APA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin yazdığına görə, Qarabağın erməni sakininə məxsus obyektdə masa arxasında söhbət Qarabağdakı qondarma rejimin süqutundan gedib. General-leytenant Tiran Xaçatryan buna görə Baş nazir Nikol Paşinyanla birlikdə Qarabağın keçmiş lideri Arayik Arutunyanı günahlandırıb.
“Qarabağın keçmiş rəhbərinin qardaşı və Qarabağın digər erməni sakinləri Bakıda həbsdə olan Arutunyanın “şərəfini” müdafiə etməyə başlayıblar, bu da davaya səbəb olub. Lakin həmin gün odlu silahdan istifadə edilməyib. Bir neçə gün sonra Xaçatryanı “xalçaya çağırıblar” və bu zaman 4 nəfər ona hücum etdiyi üçün o, özünümüdafiə məqsədilə havaya atəş açıb”, qəzet qeyd edir.
Xatırladaq ki, “Erika” restoranında baş verən insidentdə 5 nəfər iştirak edib. Yanvarın 15-də insidentdə iştirak edən Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan iki ay müddətinə həbs edilib.