ABŞ Rusiya ordusunun Ukraynadakı vəziyyəti ilə bağlı Prezident Vladimir Putinin müşavirləri tərəfindən yanlış məlumatlandırıldığına inanır.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəhbər rəsmilərindən biri CNN-ə bildirib.
O, ABŞ-ın bununla bağlı yayılan kəşfiyyat məlumatlarına inandığını, bu cür yanlış məlumatlandırılmanın işğalın başlanmasından öncə də olduğunu deyib.
“Görünür (Vladimir) Putin Ukraynaya daxil ola biləcəyini, qüvvələrinin Ukraynanın rusdilli bölgələri də daxil olmaqla, heç yerdə heç bir müqavimətlə üzləşməyəcəklərini, çox isti qarşılanacaqlarını və Kiyevi 48-72 saat ərzində ələ keçirə biləcəklərini düşünüb”, - rəsmi bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Rusiya Prezidenti Vladimir Putinin müşavirləri tərəfindən yanlış məlumatlandırılması ilə bağlı kəşfiyyat məlumatlarını açıqlayıb.