Kreml ABŞ prezidenti Co Baydenin dünyanın yeni nizama ehtiyacı olduğu haqda sözlərini dəstəkləyir, lakin Moskva belə bir nizamın Vaşinqton tərəfindən qurula biləcəyi fikri ilə razılaşmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz cənab Baydenlə tamamilə razıyıq. Bu, onun dedikləri ilə tamamilə razı olduğumuz nadir haldır. Həqiqətən də, dünyanın tamamilə fərqli prinsiplərə əsaslanan yeni dünya nizamına ehtiyacı var" deyə Peskov vurğulayıb.
Kremldə hesab edirlər ki, gələcək dünya nizamı bütün idarəetmə mexanizmlərini bir dövlətin əlində cəmləşdirmək cəhdlərindən, öz iradəsini və qərarlarını başqa ölkələrə sırımaq cəhdlərindən azad olmalıdır.
"“Qaydalara” deyil, beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya, bir-birinin daxili işlərinə qarışmamağa və s. əsaslanan dünya nizamı olmalıdır. Cənab Bayden bildirib ki, Amerika Birləşmiş Ştatları belə bir dünya nizamı qurmağa qadirdir. Biz onun fikrinin bu hissəsi ilə razılaşmırıq. Hesab edirik ki, gələcək dünya nizamı Amerika mərkəzli olmayacaq", deyə Kremlin sözçüsü əlavə edib.