Kreml Ukraynada vurulan Malayziya təyyarəsi ilə bağlı Haaqa məhkəməsinin qərarına münasibət bildirib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Haaqa məhkəməsinin məlum qərarının dərin təhlilinə ehtiyac olduğunu söyləyib.
“Biz Rusiyanın aparılan istintaqa buraxılmamasına təəssüflənirik. Əminik ki, Rusiya tərəfinin bu prosesdən kənarlaşdırılması, ən azı, istintaqın obyektivliyinə kömək etməyib. Məhkəmə qərarının özünə gəlincə, ilk növbədə bu qərarın dərin təhlili lazımdır”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, noyabrın 17-də Haaqanın məhkəməsi 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarına məxsus MH17 reysini həyata keçirən sərnişin təyyarəsinin Donbas səmasında vurulması ilə bağlı hökm elan edib. Hökmə əsasən, "DXR" separatçılarının keçmiş "müdafiə naziri" İqor Qirkin (Strelkov) və onun tabeliyində olan şəxslər Malayziyaya məxsus "Boeing"in sərnişinlərinin ölümündə günahkar elan olunublar. Məhkəmə Girkin, Sergey Dubinski və Leonid Xarçenkonu ömürlük həbs cəzasına məhkum edib. Haaqa məhkəməsi MH17 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına ümumi məbləği 16 milyon avrodan çox təzminat ödənilməsi barədə qərar da çıxarıb.