Rusiya NATO-da düşmən və rəqib kimi qəbul edilir, ona görə də sammitdə bütün müzakirələr bu istiqamətdə aparılacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Moskvanın NATO sammitini diqqətlə izləyəcəyini söyləyib.
"NATO sammitinin iştirakçılarının bir çox bəyanatları dərin təhlil obyekti olacaq. Rusiya təhlükəsizliyini təmin etməkdən ötrü qərarlar qəbul etmək üçün NATO sammitinin gündəliyini diqqətlə izləyəcək və təhlil edəcək".
Kremlin sözçüsü Ukraynanın NATO-ya mümkün daxil olmasının Avropanın təhlükəsizliyi üçün çox təhlükəli olduğunu və belə bir qərarı verəcək olanların buna görə məsuliyyət daşıdığını vurğulayıb.
Peskov hesab edir ki, İsveçin NATO-ya daxil olması mənfi nəticələrə səbəb olacaq. O, bu baş verəcəyi təqdirdə, Rusiyanın Finlandiyanın alyansa qoşulduğu zaman həyata keçirdiyi tədbirləri planlaşdıracağını söyləyib: "Avropalılar hazırkı vəziyyətə gətirib çıxaran səhvlərini başa düşmürlər" - Kreml rəsmisi NATO bazalarının Rusiya Federasiyası ilə sərhəd yaxınlığında yerləşdirilməsi ideyasına münasibət bildirərkən deyib.