Kremlin sözçüsü Dmitri Peskov Pskov aerodromuna dron hücumlarının Rusiya ərazisindən həyata keçirildiyi ilə bağlı Ukrayna tərəfinin iddialarını şərh etməkdən imtina edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi məlum məsələnin müdafiə nazirliyinin səlahiyyətində olduğunu söyləyib:
“Bu, bizim hərbçilərin səlahiyyətində olan məsələdir, onlara müraciət etməyinizi tövsiyə edirəm”, deyə Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Pskov vilayətinə və Pskov aerodromuna dron hücumlarının Rusiya Federasiyası ərazisindən həyata keçirildiyini bəyan edib.
Xatırladaq ki, avqustun 29-dan 30-a keçən gecə Pskova kütləvi dron hücumu olub. Nəticədə hərbi hissə və Pskov hərbi aerodromundakı iki İl-76 təyyarəsi məhv edilib.