Kreml Aleksey Navalnının dəyişdirilməsi ideyasını dövlət başçısı Vladimir Putinə kimin təklif etdiyini açıqlamayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə heç bir danışıqların aparılmadığını söyləyib.
"Prezident Putin də dünən danışıqların aparıldığını demədi. Yəqin ki, siz onu diqqətlə dinləməmisiniz. O dedi ki, Navalnının dəyişdirilməsi ilə bağlı ideya irəli sürülüb, hansı ki, Putin bu ideya ilə razılaşıb və dərhal belə bir fikir irəli sürən şəxsə bu barədə məlumat verib. Putin bu məsələ ilə bağlı danışıqlar aparıldığını deməyib" , deyə Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, Vladimir Putin dünən seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən Navalnının ölümünü kədərli hadisə adlandırıb.
Putin Navalnını dəyişməyə razı olduğunu söyləyib: “Navalnını Qərb ölkələrinin həbsxanalarında cəza çəkən bir neçə şəxslə dəyişmək fikri var idi. Mən dərhal buna razılıq verdim. Biz onu dəyişmək istəyirdik. Lakin bir şərtlə ki, bir daha Rusiyaya qayıtmasın. Amma o, öldü".