Slovakiyanın Ukraynaya hərbi yardım göstərmək istəməməsi çətin ki, bütün prosesə təsir etsin.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Slovakiyada keçirilən parlament seçkilərində qalib gələn Smer partiyasının rəhbəri Robert Fitsonun Ukraynaya hərbi yardımın dayandırılması haqqında bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Slovakiyanın Ukraynaya hərbi yardımı dayandırması prosesə təsir edə bilməz, çünki prosesin sükanının arxasında duran ABŞ-dir.
"Həqiqətən də, Slovakiyanın Ukraynaya silah tədarükündə o qədər də böyük payı yox idi, ona görə də bu, çətin ki, bütün prosesə təsir etsin. ABŞ-a gəlincə, bu prosesin əsas aparıcısı Kiyev deyil, məhz ABŞ-dir. Buna görə də, əlbəttə ki, Birləşmiş Ştatlar öz hərəkətləri, bu münaqişədə bilavasitə iştirakı ilə atəşə nə qədər yağ tökəcəksə, hər şey bir o qədər çox davam edəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.