“Taxıl sazişi”nin Ukraynaya aid olan hissəsi kommersiya layihəsinə çevrilib.
APA xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov XXVI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində yerli NTV televiziya kanalına müsahibəsində deyib.
“İşləməyən bir müqaviləni necə uzatmaq olar? BMT Baş katibi Antonio Quterreşin Rusiya gübrələri və ərzaq məhsullarının ixracı ilə bağlı təklif etdiyi paketin yarısı istifadə olunmayıb. Müqavilənin (red. – “Taxıl sazişi) yalnız Ukraynaya aid olan hissəsi işləyir”, - deyə Rusiya XİN başçısı jurnalistin “Rusiya “Taxıl müqaviləsi”nin uzadılması perspektivini necə qiymətləndirir?” sualına cavab verib.
Lavrov bildirib ki, haqqında sözügedən saziş BMT Baş katibinin təklif etdiyi kontekstdə (dünyanın ən kasıb ölkələrin ehtiyaclarını ödəmək üçün) deyil, kommersiya istiqamətində istifadə olunur:
“Razılaşmanın taxıl hissəsinə uyğun olaraq Ukraynanın göndərdiyi məhsulların ümumi həcminin üç faizindən də az hissəsi BMT-nin Ümumdünya Ərzaq Proqramının xüsusi siyahısında olan inkişaf etməkdə olan ölkələrdə gedib çatıb və bunlar ən kasıb ölkələrdir”.
Nazir razılaşmanın Rusiyaya aid olan hissəsinə toxunub:
“Müqavilənin bizə aid olan hissəsinə gəlincə isə, Tolyatti-Odessa ammonyak boru kəmərinin partladılması onu göstərir ki, razılaşmanın ticarətimizi genişləndirmək, Rusiya mallarını inkişaf etməkdə olan ölkələrə tədarük etmək üçün imkanlar yaradan hissəsini ləğv etmək istəyənlər var. Bu razılaşmada yalnız Ukraynanın ticarət etməsinə zəmin yaradan hissəsini qoruyub saxlamağa çalışırlar”.
Lavrovun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayanda Avropa İttifaqı limanlarında 300 min tona yaxın gübrə müsadirə olunub:
“Hələ ötən ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin demişdi ki, ölkəmiz bu gübrələri inkişaf etməkdə olan ölkələrə pulsuz verir. Gübrələr müsadirə olunandan 6 ay sonra kiçik partiyası bir Afrika ölkəsinə - Malaviyə göndərildi. Əlavə bir neçə ay da tələb olundu ki, növbəti kiçik partiya gübrə Keniya və Nigeriyaya göndərilsin”, - Lavrov qeyd edib ki, Qərb “Qlobal Cənub”da Rusiya gübrələrinə ehtiyacı olan dövlətlərə məhsulların çatdırılması yolunda özünün yaratdığı maneələrin qarşısını almaq istəmir.