Belarusun Maçulişi aerodromunda baş vermiş partlayışla bağlı ukraynalı terrorçu həbs edilib.
APA xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bunu yüksək rütbəli zabitlərə dövlət təltiflərinin təqdim edilməsi zamanı deyib.
Lukaşenko qeyd edib ki, aerodromdakı təxribat cəhdində iştirak edən Ukrayna xüsusi xidmət orqanlarının terrorçusu, eləcə də onunla əlbir olanlar Belarusda saxlanılıb.
Belarus Prezidenti qeyd edib ki, təxribata hazırlıq 6-8 ay əvvəl başlayıb: “Ukraynanın Təhlükəsizlik Xidməti, Mərkəzi Kəşfiyyat İdarəsinin (red. - ABŞ xüsusi xidmət orqanı) rəhbərliyi Belarusa qarşı hər tərəfdən təxribatlar hazırlayır”.
Prezidentin sözlərinə görə, saxlanılan şəxs rusdur, onun həm Rusiya, həm Ukrayna pasportu var: “Krivoy Roq şəhərində anadan olub, Krımda yaşayıb. Səhv etmirəmsə 2014-cü ildə Ukraynanın xüsusi xidmət orqanları tərəfindən işə götürülüb”.
Xatırladaq ki, 26 fevralda Minsk şəhəri yaxınlığında yerləşən Maçulişi hərbi aerodromunda bir neçə partlayış baş verib. Belarusun paytaxtından 12 km aralıda yerləşən hava limanında baş vermiş hadisə nəticəsində Rusiyanın hərbi nəqliyyat təyyarəsi və bir neçə qartəmizləyən maşın sıradan çıxıb.