Bank Of Baku

Marneulinin kəndləri su qıtlığı ilə üzləşib - ARAŞDIRMA

Marneulinin kəndləri su qıtlığı ilə üzləşib - ARAŞDIRMA
# 30 avqust 2019 13:35 (UTC +04:00)

Bu il yay mövsümün quraq keçməsi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda kəndliləri çətin vəziyyətlə üz-üzə qoyub. Rayonun Əzizkənd, Kürüslü, Kosalı, Təzəkənd, Lecvəddinli və bir sıra digər kəndlərində mövcud olan irriqasiya problemləri fermer təsərrüfatlarına və bitkiçilik sahəsinə ciddi  ziyan vurub.  

Marneuli rayonunun Əzizkənd kəndinin sakini Şamil Daşdərmirov APA-nın Gürcüstan bürosuna bildirib ki, maldarlıq məqsədi ilə dövlətdən icarəyə götürdüyü ot sahəsi suvarma suyunun olmaması nəticəsində tam yararsız vəziyyətə düşüb. Onun sözlərinə görə, ərazidə suvarma arxı mövcuddur və müqaviləyə əsasən suvarma idarəsi arxa mütəmadi su vurmağı üzərinə götürüb. Lakin yay mövsümü başlayandan arxa su vurulmayıb və nəticədə ot sahələri quruyub, həm ona, həm də digər kəndlilərə külli miqdarda maddi ziyan dəyib. 

“Hər hektarı üçün 100 lari ödəməklə  4 hektar ərazi icarəyə götürmüşəm. Əlavə olaraq hər hektara görə 75 lari suvarma suyu ödəmişəm. Müqaviləyə əsasən dövlət mövsüm ərzində 4 dəfə suvarma suyu ilə təmin etməlidir. Lakin may ayından bəri bizim arxa bir dəfə də olsun su gəlməyib. Otlaq sahələrimiz yanıb. Suvarma olsaydı, 1 hektardan 800 ot bağlaması götürə bilərdik. Amma bir dəfə də olsun yerimizi biçə bilmədik. Əksəriyyətimizin də kreditləri var”,- deyə Ş.Daşdəmirov bildirib. 

Kənd sakini Natiq Qəhrəmanov isə qeyd edib ki, suvarma arxına su vurulmadığından təsərrüfat sahəsini ancaq şəxsi imkanları daxilində suvarmağa çalışır, lakin bu da quraqlığın fəsadlarını azaltmağa kifayət etmir.

“Bağımda 78 ağac var. Suvarma suyu olmadığından əksəriyyəti quruyub. Su tapa bilmirik, arx isə uzaqdadır. Suyu motorla çəkirik. Ot sahəsi kimi icarəyə götürdüyümüz əraziləri biçmək barədə isə artıq heç fikirləşmirik, ot quruyub. Mal otarmağa da yer qalmayıb”, - deyə N.Qəhrəmanov bildirib.

Marneulidə ot bağlaması satışı ilə məşğul olan Vüqar Huryanov isə deyib ki, bu il yay mövsümünün quraq keçməsi və suvarma suyunun olmaması nəticəsində rayon ərazisində ot bağlamasının qiyməti kəskin şəkildə artıb: “Su yoxdur, ot bağlamasının qiyməti 8 lari olub. Ot biçə bilmirik. Bu bağlamaları başqa bölgələrdən gətirib satırıq. Hər yerdə bahalıqdır, məhsulun qiyməti qalxıb, keyfiyyəti azalıb”. 

Gürcüstan parlamentinin Marneuli rayonu üzrə millət vəkili Ruslan Hacıyevin sözlərinə görə, Marneulidə suvarma suyu sahəsində olan problemlərin əsas səbəbi yay aylarında çaylarda suyun azalmasıdır. R.Hacıyev bildirib ki, məsələ həm yerli hakimiyyətin, həm də dövlətin diqqətindədir və gələn ilədək problemin həlli istiqamətində konkret layihələrin icrası planlaşdırılır: "Bu layihələr  arasında Bolnisi rayonunda, həmçinin  Algeti çayı üzərində rezervuar yaradılması da var".

Millət vəkilinin dediyinə görə, suvarma suyu ilə bağlı problemlər əsasən Algeti-Kəpənəkçi ərazisindədir. Həmin ərazilərdə yay aylarında Ağbulaqdan gələn çaylarda suyun səviyyəsi aşağı düşür və demək olar ki, böhran yaranır: "Bununla bağlı hazırda Meliorasiya İdarəsi məşğul olur. Biz öz tərəfimizdən alternativ su mənbələrinin tapılması təklifi ilə çıxış edirik. Bu, hər zaman belə olub, tək bu günün problemi deyil. Yaxın zamanlarda onun həllinin tapılacağına ümidvarıq. Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya İdarəsi məsələ ilə bağlı çalışır. Şəxsən nazirin özü ilə danışmışıq. Alternativ su mənbəyinin tapılması istiqamətində işlər aparılır. İndiki durumda mən bu sahədə ciddi problemin olduğunu düşünmürəm. Ümumilikdə, suvarma suyu problemləri bütün ölkə ərazisində mövcuddur”.

Ruslan Hacıyev onu da bildirib ki, sözügedən layihələr əlverişlidir və icrası üçün ekspertlərin rəyini gözləyirlər.

Marneuli rayonunun İcra başçısı Zaur Darğalı isə rayonun suvarma suyu problemlərinin aradan qaldırılması məqsədi ilə yaxın vaxtlarda Kür çayının potensialından da maksimum istifadə edilməsinin planlaşdırıldığını vurğulayıb: “Suvarma sahəsində olan problemlər xüsusən Kürüstü kəndlər və o əraziyə yaxın olan kəndlərdə mövcuddur. Meliorasiya Xidməti bu sahədə olan problemlərin həlli ilə bağlı geniş layihələr üzərində işləyirik. Düşünürük ki, Kürün resursundan maksimum şəkildə istifadə edilsin. Kür üzərində nasos stansiyası qurulması yolu ilə əhalinin suvarma suyu ilə təmin edilməsi planlaşdırılır. Bundan başqa, arxlarda təmir və təmizlik işləri aktiv şəkildə aparılır və bu sahədə təmir-bəpa işlərinin gələn il də aparılması nəzərdə tutulub". 

Zaur Darğalının dediyinə görə, problemin mövcud olduğu bir sıra kəndlərə yeni arxların çəkilməsi də planlaşdırılır. 

Qeyd edək ki, problemlə əlaqədar Marneuli Meliorasiya Xidmətinə dəfələrlə müraciət edilsə də, cavab almaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR