Rusiya paytaxtında Bakı Multikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, memorandum Bakı Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov və Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov tərəfindən imzalanıb.
Memorandum çərçivəsində Moskva İslam İnstitutunda Azərbaycan multikulturalizm modelinin tədrisi nəzərdə tutulub.
Bakı Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirib ki, hazırda dünyanın 26 təhsil ocağında bu layihə həyata keçirilir. “Minlərlə tələbə Azərbaycan tolerantlığı və multikulturalizmi haqqında məlumat alır, ölkəmizə səfərlər edir, Azərbaycanın gənc dostlarına çevrilir. Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov da bu layihənin təhsil ocağında gerçəkləşdirilməsinə çox müsbət yanaşıb və buradakı tələbələrin Azərbaycanda multikultural mühit, din-dövlət münasibətləri barədə biliklər əldə etməsi üçün bu fənnin tədrisinin vacibliyini vurğulayıb”, - deyə o qeyd edib.
R.Həsənov memoranduma əsasən, digər layihələrin, o cümlədən tələbə-müəllim mübadilələrinin həyata keçirilməsi, elmi nəşrlərin hazırlanmasının da nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd edək ki, Moskvada Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva İslam İnstitutunun 30 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Dünyanın müxtəlif ölkələrindən olan din xadimləri və hökumət rəsmilərinin bir araya gəldiyi tədbirlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Üç gün davam edəcək tədbirlər çərçivəsində həmçinin Rusiya Müsəlmanları İdarəsinin VIII Qurultay-Konqresi və XX Beynəlxalq Müsəlman Forumunun da keçirilməsi nəzərdə tutulub.