Moskva vilayətinə dron hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
"Baribinoda (Domodedovo) xilasedicilər dronun parçalarının düşdüyü şəxsi evin dağıntıları altında 71 yaşlı kişinin meyitini tapıblar. Evin içində olan bir qadın yaralanıb. Solneçnoqorsk rayonunun Radumlya kəndində 20 yaşlı kişinin ölümü də təsdiqlənib", qubernator qeyd edib
***
08.47
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri ilə vilayətin 16 bələdiyyəsi üzərində ümumilikdə 185 PUA məhv edilib və zərərsizləşdirilib.
İlkin məlumata görə, hücum nəticəsində altı nəfər xəsarət alıb. Pokrovskoye kəndində qəlpə yaraları alan kişi xəstəxanaya yerləşdirilib. İstra rayonunda Yadromino və Qorki yaşayış məntəqələrinin iki sakini hospitalizasiya olunub, onlardan birinin əməliyyat ediləcəyi bildirilir.
Domodedovo dairəsinin Lyaxovo kəndində isə üç nəfər tibbi yardıma müraciət edib. Müayinədən və tibbi yardımdan sonra onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.
Vorobyovun sözlərinə görə, Solneçnoqorsk dairəsinin Radumlya qəsəbəsində hücum nəticəsində 20 yaşlı kişi həlak olub.
Qubernator bildirib ki, İstrada Safontyevo, Torlopovo, Qorki və Yadromino yaşayış məntəqələrində 10 fərdi yaşayış evinə, təsərrüfat tikililərinə və iki avtomobilə ziyan dəyib. Volokolamsk dairəsinin Pokrovskoye kəndində isə evlərdən birinin fasadı və şüşələri zədələnib.
Domodedovo şəhər dairəsinin Lobanovo kəndində fərdi yaşayış evində yanğın baş verib. Barıbino qəsəbəsində isə daha bir ev dağılıb. Ərazidə xilasedicilər işləyir.