Moskvada Helikon Operasının səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert proqramı keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Gecəni giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecənin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və “Helikon Opera”nın rəhbərliyinə minnətdarlığını bildirib.
“Bu yaxınlarda Bakıda 110 ölkənin iştirak etdiyi böyük ümumdünya forumu keçirildi. Ən böyük və ən rəsmi nümayəndə heyəti Rusiya Federasiyasından idi. Bizim çoxlu planlarımız, çox gözəl ideyalarımız var və əminəm ki, onlar həyata keçiriləcək”, - deyə səfir bildirib.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə çıxışında bu yaxınlarda Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında görüş keçirildiyini xatırladıb.
“Bu görüş daha çox Azərbaycan xalqının lideri, Baykal-Amur Magistral layihəsinin uğurunu təmin etmiş şəxslərdən biri Heydər Əliyevin xatirəsinə həsr olunmuşdu. Azərbaycan torpağı bizə Mstislav Rostropoviç, Polad Bülbüloğlu, Qara Qarayev, Tahir Salaxovu verib. Dahi şəxsiyyətlərimiz Azərbaycanda Rusiya mədəniyyətini təmsil ediblər. Bizim ümumi tariximiz var, ümid edirəm ki, ümumi gələcəyimiz də gözəldir”, - deyə Şvıdkoy bildirib.
“Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı gecə konsert proqramı ilə davam edib. Helikon Operasının səhnəsində tamaşaçılar “dostluq” anlayışının musiqi təcəssümünü izləyiblər.
Azərbaycan və Rusiyanın istedadlı və tanınmış ifaçılıq sənəti ustaları bəstəkarların dünya şöhrətli əsərlərini təqdim ediblər.
Moskva səhnəsində Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun və gənc dirijor Murtuza Bülbülün rəhbərliyi ilə “Helikon Opera” orkestrinin müşayiəti ilə Azərbaycan Respublikanın xalq artistləri Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva, Əvəz Abdulla, Murad. Adıgözəlzadə, Əməkdar artistlər Elnarə Məmmədova, Emil Əfrasiyab, Ramil Qasımov, İlham Nəzərov və digərləri çıxış ediblər.
Gecədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Gecə Elçin Əzizovun və bütün konsert iştirakçılarının ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.