Moskvada “SMERŞ”-in ilk qadın zabiti azərbaycanlı kəşfiyyatçının 100 illik yubileyi qeyd olunub - FOTO

Moskvada “SMERŞ”-in ilk qadın zabiti azərbaycanlı kəşfiyyatçının 100 illik yubileyi qeyd olunub - FOTO
# 03 oktyabr 2024 15:28 (UTC +04:00)

Moskvada “SMERŞ” Baş Əks kəşfiyyat İdarəsinin ilk qadın zabiti olmuş azərbaycanlı Qədriyyə - Ülkər Səlimovanın 100 illiyi qeyd olunub.


APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Ordusunun Mərkəzi Evində “Səlimova Qədriyə - Ülkər İsmayıl qızı - Vətənin rifahı naminə həyat” adlı tədbir keçirilib. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının Hərb Tarixi Elmi-Tədqiqat İnstitutu və Kardioproqres Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı əks kəşfiyyatçının həmkarları, hərb tarixçiləri, elm ictimaiyyətinin, ictimai və veteran təşkilatların nümayəndələri iştirak ediblər.

Qədriyyə Səlimovanın həyatı, hərbi və elmi fəaliyyəti ilə bağlı tarix elmləri doktoru, Rusiya Federal Təhlükəsizlik Xidmətinin general-leytnantı Aleksandr Zdanoviç, Kardioproqress fondunun prezidenti, tibb elmləri doktoru, professor Mehman Məmmədov, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru Mixail Klarin və qızı psixologiya elmləri namizədi Yelena İlleş məruzələrlə çıxış ediblər.

M. Məmmədov məruzəsində Qədriyyə Səlimovanın 17 yaşında Bakıda məktəbi bitirdikdən sonra könüllü olaraq cəbhəyə getdiyini bildirib:

“Alman və türk dillərini bilməsi onu əks-kəşfiyyat sıralarına gətirib. Səlimova Böyük Vətən Müharibəsi illərində 46-cı Qafqaz Ordusunun xüsusi bölməsində və ”SMERŞ” əks-kəşfiyyat İdarəsində kriptoqraf (şifrələyən-red) vəzifəsində çalışıb. Rusiya, Ukrayna, Moldova, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Macarıstan və Avstriyada hərbi xidmətdə olub. Bir sıra hərbi mükafatlara layiq görülüb. Müharibədən sonra Qədriyyə Səlimova Bakıya qayıdır və Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsini Azərbaycan dili üzrə bitirir. Daha sonra Moskva Dövlət Universitetində aspiranturada təhsilini davam etdirmiş, 1953-cü ildən ömrünün sonuna kimi Rusiya Təhsil Akademiyasının (Moskva) Təhsilin və Pedaqogikanın Nəzəriyyəsi İnstitutunda çalışıb. Onun rəhbərliyi ilə pedaqogika tarixi üzrə dünya ədəbiyyatında analoqu olmayan üç beynəlxalq dərslik yazılıb ki, bu dərsliklərdə dünyanın 18 ölkəsinin, o cümlədən Azərbaycanın timsalında qədim dövrlərdən başlayaraq məktəb və pedaqogikanın inkişaf nümunələri əksini tapmışdır. Bundan əlavə, Qədriyyə xanım 18 monoqrafiyanın, yaxın və uzaq xaricdə mətbuatda dərc olunmuş yüzdən çox məqalənin müəllifidir”.

O da vurğulanıb ki, Qədriyyə Səlimova Moskvadakı Azərbaycan diasporunun fəal üzvü olub, tələbələrə və gənc alimlərə daim köməklik göstərib.

Tədbirdə Q. Səlimovanın həyat və yaradıcılığını əks etdirən foto və videomateriallar nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR