Qərbin nüvə silahının tətbiqinin mümkünlüyü haqqında ritorikası Rusiyanı çox narahat edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.
“Əlbəttə ki, bizi Qərbin nüvə silahının tətbiqinin mümkünlüyü ilə bağlı ritorikası çox narahat edir”, deyə Narışkin vurğulayıb. Onun sözlərinə görə, Rusiyada nüvə silahının istifadəsi ilə bağlı ritorika qətiyyən mövcud deyil.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Ukraynadakı vəziyyət kontekstində hazırki vəziyyəti Karib böhranı ilə müqayisə edib. O bildirib ki, Karib böhranının dərsləri fövqəldövlətlərin liderləri arasında kompromislər tapmaq zərurətini ortaya çıxarır: "Karib böhranının dərsləri ondan ibarətdir ki, siyasi liderlər qlobal problemlərin həllində kompromis tapmaq üçün öz daxilində güc tapmalıdırlar. Bu kompromis bu gün də lazımdır. Tarixin dərslərini öyrənmək lazımdır”, deyə o əlavə edib.